Azərbaycan, Azərbaycan (film, 1970)
Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur.
== Məzmun ==
Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir.
İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır.
Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.